İyun ayının 29-da Xaçmaz Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov, eləcə də rayon ağsaqqalları, ziyalıları, şəhid valideynləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Hesabat-seçki konfransında Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların əziz xatirəsi bir dəqiqləlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyevi və digər konfrans iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Gənc nəslin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb. Konfransın işinə uğurlar arzulayıb.
Sonra Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində ağsaqqalların həyata keçirdiyi işlərdən ətraflı bəhs edib. Bildirib ki, Şuranın üzvləri rayonda keçirilən əhəmiyyətli tədbirlərdə, həmçinin gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edir, şəhid ailələri və qazilərlə görüşlər keçirirlər. Natiq vurğulayıb ki, qarşıdan gələn dövr ərzində də rayon ağsaqqalları aktiv fəaliyyətlərini davam etdirməyə çalışacaqlar.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq bildirib ki, bu gün ölkəmiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır. Azərbaycanda siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, genişmiqyaslı quruculuq işləri, beynəlxalq nüfuzumuzun davamlı artması və xalqın rifahının yüksəldilməsi istiqamətində mühüm uğurlar əldə olunub. Natiq, həmçinin, Xaçmazda həyata keçirilən işləri də yüksək dəyərləndirib.Vurğulayıb ki, rayonun infrastrukturunun yenilənməsi, yolların təmiri, yeni sosial obyektlərin istifadəyə verilməsi, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun artırılması və turizm potensialının genişləndirilməsi istiqamətində görülən işlər Xaçmazın simasını dəyişməkdədir. Rayondakı ictimai-siyasi və mədəni proseslərdə hər zaman yaxından iştirak edərək xalqımızın milli mənafeyinə xidmət göstərən ağsaqqalların fəaliyyətindən ətraflı bəhs edən natiq öz təklif və tövsiyələrini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, gənclərlə maarifləndirmə işlərini daha da artırmaq, onları mənfi təsirlərdən və zərərli vərdişlərdən qorumaq lazımdır. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib, hər bir ağsaqqala möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar diləyib.
Konfransda təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyasına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Məhərrəm Abasovun namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sədrin təqdimatı əsasında rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Sonra Ağalar Vəliyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən Xaçmaz Rayon Agsaqqallar Şurasının sədri Məhərrəm Abasovun xalqımıza və vətənimizə göstərdiyi dəyərli xidmətlərinə görə Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev və İdarə Heyətinin üzvləri tərəfindən “Fəxri Ağsaqqal” döş nişanına layiq görüldüyünü vurğulayıb və döş nişanını rayon sədrinə təqdim edərək səmimi arzularını bildirib, ona sədr vəzifəsində uğurlar arzulayıb.
Konfransda çıxış edən natiqlər Məhərrəm Abasovu yenidən sədr seçilməsi və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunması münasibətilə təbrik edərək, ona bundan sonra da sağlam və mənalı ömür, fəaliyyətində yeni-yeni nailiyyətlər diləyiblər.
Məhərrəm Abasov ona göstərilən bu yüksək etimada görə hər kəsə, xüsusilə də Azərbaycan Agsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə, sədr müavini, millət vəkili Ağalar Vəliyevə və İdarə Heyətinin üzvlərinə öz minnətdarlığını bildirərək vurğulayıb ki, doğma Azərbaycanımızın inkişafı naminə gələcəkdə də öz bilik və bacarığını əsirgəməyəcəkdir.





