Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin 93 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Xoşbəxt Yusifzadəyə təbrik ünvanlayıblar:
Hörmətli Xoşbəxt müəllim!
Sizi – Azərbaycan neft sənayesinin və elminin əvəzolunmaz korifeyini, görkəmli neftçi-alimi, ağsaqqal ziyalımızı və gözəl insanı şərəflə yaşadığınız ömrünüzün 93-cü İldönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və doğma Vətənimizin yüksəlişi naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq!
Siz şərəf və vicdanla yaşadığınız ömrünüzün hər birimizə doğma olan XOŞBƏXT YUSİFZADƏ yüksəkliyində – şanlı neft tariximizin yaradıcısı zirvəsindəsiniz. Azərbaycan neftinin canlı əfsanəsi, fədakar neftçilərimizin müdrik ağsaqqalı kimi bu gün də müstəqil ölkəmizin neft sənayesinin uğurla inkişaf etdirilməsində, dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşdirilməsində yüksək əzmkarlıq nümayiş etdirirsiniz. Müasir neft strategiyamızın əsasını qoyan ulu öndər Heydər Əliyevin işıqlı yolunu qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin neft-qaz sənayesi sahəsində layiqincə həyata keçirilməsində daim böyük xidmətlər göstərirsiniz.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq müdrik bir ağsaqqal kimi respublikamızın ictimai-siyasi həyatında iştirakınızla dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvənizi, bilik və bacarığınızı əsirgəmirsiniz. Sizin şərəfli və məhsuldar ömür yolunuz, mənəvi saflığınız və vətəndaş böyüklüyünüz cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün bir nümunə məktəbidir. Bu gün xalqımız xoşbəxtdir ki, onun hər zaman Azərbaycan sevgisi ilə yaşayan Xoşbəxt Yusifzadə kimi zəngin və şərəfli həyat yoluna, yüksək intellektə, tükənməz enerjiyə malik müdrik ağsaqqalı var.
Hörmətli Xoşbəxt müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi Ad Gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə – fədakar fəaliyyətini bu gün də böyük şövqlə davam etdirən, qəlbi Vətən eşqi ilə döyünən görkəmli neftçi-alimimizə, müdrik ağsaqqalımıza sağlam, gümrah və nurlu ömür yolu, yeni-yeni nailiyyətlər diləyirik!
Allah Sizi qorusun!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV