Xəbərlər

Yasamal Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

İyul ayının 5-də Yasamal Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yasamal Rayon Ağsaqqallar Şurasının sədr müavini, professor Fuad Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öz çıxışında Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq, ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı mühüm rolundan bəhs edib. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının yaranma tarixi və fəaliyyəti barədə məlumat verən natiq bildirib ki, təşkilatın üzvləri hər zaman dövlətimizə və dövlətçiliyimizə böyük ximətlər göstəriblər. Müasir və müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ağsaqqallara olan qayğısından söz açıb. Ağsaqqalların Yasamal rayonundakı aktiv fəaliyyətindən də ətraflı danışan natiq onlara uzun və sağlam ömür, konfransın işinə isə uğurlar arzulayıb.
Yasamal Rayon Ağsaqqallar Şurasının sədr müavini, professor Fuad Məmmədov hesabat məruzəsində təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, 600-dən çox üzvü olan Yasamal Rayon Ağsaqqallar Şurası hesabat dövrü ərzində öz fəaliyyətini İş Planı əsasında quraraq, bir çox tədbirlər və görüşlər keçirib, həmçinin təşkilatın üzvləri Rayon İcra Hakimiyyətinin və digər qurumların iclaslarında, o cümlədən Prezident təqaüdçüsü Cəlal Qurbanov rəhbərlik etdiyi “Mənim oğlum qəhrəmandır”, “Mənim atam qəhrəmandır” layihəsində yaxından iştirak ediblər. Fuad müəllim rayon məktəblərində və digər müəssisələrdə keçirilən maarifləndirici görüşlərdən də bəhs edərək vurğulayıb ki, təşkilatın əsas məqsədlərindən biri də yeni sosial-mədəni strategiyanın təbliğidir. Çıxışı zamanı bəzi təkliflər irəli sürən natiq bildirib ki, yerli televiziya kanallarında ağsaqqal və ziyalıların iştirakı ilə maarifləndirici verilişlərin efirə getməsi çox məqsədəuyğun və səmərəli olardı. Fuad Məmmədov bundan sonra da fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda çıxış edən digər natiqlər, Yasamal Rayon Ağsaqqallar Şurasının üzvləri – Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev, Rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Rasim Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bəstəkar Cəlal Qurbanov və başqaları təşkilatın fəaliyyətindən bəhs edərək görülən işləri qənaətbəxş hesab ediblər. Natiqlər, həmçinin, ölkəmizin dinamik inkişaf prosesindən də söz açaraq vurğulayıblar ki, o xalq xöşbəxtdir ki, Heydər Əliyev kimi Ümummilli Lideri var və o xalq daha xoşbəxtdir ki, onun Ümummilli Liderinin yolunu uğurla davam etdirən cənab İlham Əliyev kimi Prezidenti var.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, burada iştirak edən hər bir ağsaqqal Azərbaycanda tanınmış şəxsiyyətdir və sizin hamınıza öz ehtiramımı bildirirəm. Yasamal Rayon Ağsaqqallar Şurasının hesabatını yüksək qiymətləndirən natiq qeyd edib ki, Cavanşir Qurbanovun sədrliyi ilə hər zaman aktiv fəaliyyət göstərən təşkilat həmişə öz müsbət işləri ilə seçilibdir. Cavanşir müəllimə Allahdan şəfa diləyən Əhliman Əmiraslanov Yasamal Rayon Ağsaqqallar Şurasına gələcək fəaliyyətində də böyük nailiyyətlər arzulayıb.
Natiq son illərdə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində xüsusi canlanmanın olduğunu qeyd edərək vurğulayıb ki, 2020-ci ilin sentyabr ayında Şuranın növbədənkənar VIII Qurultayı keçirilərək təşkilat yenidən formalaşdırılıb. Azərbaycan Ağsaqqallar Şurasına sədr seçilən millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilat öz məhsuldar fəaliyyətini hazırda uğurla davam etdirir. Onminlərlə üzvü olan Şuranın hazırda 77 rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbəliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən, qəhrəman şəhidlərimizin ailələrinə və qazilərə göstərilən dövlət qayğısından da söz açaraq bildirib ki, bu gün biz qalib xalqıq və qürurluyuq. Natiq cəmiyyətimizdəki problemlərə də toxunaraq son zamanlarda boşanmaların sayının artmasından, erkən nikahların fəsadlarından, qohumlar arasındakı nikahlar səbəbindən uşaqlarda yarana biləcək genetik və irsi qan xəstəliklərindən, həmçinin, narkomaniya aludəçiliyindən ətraflı bəhs edib. Vurğulayıb ki, bütün cəmiyyətimiz və biz ağsaqqallar bu problemlərə qarşı ciddi mübarizə aparmalı, maarifləndirmə işlərini artırmalıyıq. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov konfrans zamanı qaldırılan bəzi məsələlərin həll edilməsi üçün müvafiq qurumlarla danışıqlar aparacağını bildirərək, həm ağsaqqal, həm də bir həkim kimi tədbir iştirakçılarına möhkəm cansağlığı və uğurlar diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.