Yasamal Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rza Muxtar oğlu Avşarovun (Rza Avşarın) 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri – akademik Abel Məhərrəmov və Bayram Yusifov, habelə təşkilatın Aparat rəhbəri Ramin Həsənli çıxış edərək Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Rza Avşarovu 75 illik yubileyi münasibətilə Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adlarından səmimi-qəlbdən təbrik edərək ona Allahdan uzun ömür, möhkəm cansağlığı, sevinc dolu günlər və yeni yardıcılıq uğurları arzulamışlar. Vurğulamışlar ki, Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə qəlblərdə özünə əbədi heykəl ucaltmış tanınmış teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açmış yubilyar kamil bir sənətkar olaraq öz əsərlərində incəsənətimizin zəngin ənənələrini Qərb və Şərq mədəniyyətlərinin üzvi vəhdəti şəklində təcəssüm etdirmişdir. Onun Vətənimizin təbiətini və insanlarını vəsf edən tabloları doğma Azərbaycanımıza bəslədiyi səmimi və dərin məhəbbətdən xəbər verir. Yaratdığını mənzərə və natürmortlar ətraf mühitlə, təbiətlə təmasdan doğan hədsiz sevinc və nikbinlik duyğularını ifadə edir. Böyük zövq və məhəbbətlə çəkdiyi portretlərdə isə görkəmli şəxsiyyətlərimizin daxili aləminə nüfuz edərək onların xarakterini həssas sənətkar məharəti ilə açır, milli mentalitetimizə və irsimizə gözəl bələd olduğunu rənglərin dili ilə nümayiş etdirir.
Sonra Rza Avşarov səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 75 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif edilib.
Yasamal Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rza Avşarov fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan Ağsaqqallar Şurasına və tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirib.