Xəbərlər

Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, professor Fuad Məmmədov “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ölkəmizin ictimai-mədəni həyatında, elmi-pedaqoji sahədə və Şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 80 illik yubileyi münasibətilə Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədovun “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilməsi barədə əmr imzalayıb.

Fuad Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirdə digər natiqlərlə yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də çıxış edərək yubilyarı 80 yaşının tamam olması münasibətilə Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından təbrik edib, ona Allahdan uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanda kulturologiya elminin banisi, görkəmli alim, tanınmış ictimai xadim, müdrik ağsaqqal və vətənpərvər ziyalı Fuad Məmmədovun ölkəmizdə elmin, mədəniyyətin inkişafında, milli-mənəvi dəyərlərimizin yaşadılmasında və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində dəyərli xidmətlərindən söz açıb. Vurğulayıb ki, hazırda Fuad müəllim sədrlik etdiyi Yasamal Rayon Ağsaqqallar Şurası öz fəaliyyəti ilə ağsaqqal sözünün, nüfuzunun qorunmasına, gənclərin milli-mənəvi ruhda tərbiyəsinə, ailə dəyərlərinin möhkəmləndirilməsinə, cəmiyyətdə qarşılıqlı hörmətin, həmrəyliyin və vətəndaş məsuliyyətinin təşviqinə mühüm töhfələr verir.

Sonra Fuad Məmmədova “Fəxri Ağsaqqal” döş nişanı və xatirə hədiyyələri təqdim edilib.

Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov xoş sözlərə və gözəl arzulara görə hər kəsə öz təşəkkürünü bildirib. Fəaliyyətini dəyərləndirən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və İdarə Heyətinin üzvlərinə dərin minnətdarlığını ifadə edərək bundan sonra da Vətənimizin çiçəklənməsi naminə var qüvvəsi ilə çalışacağını vurğulayıb.

Tədbirdə ölkəmizin və digər dövlətlərin tanınmış ziyalıları, ictimai-siyasi xadimlər, yubilyarın məslək yoldaşları, ailə üzvləri, eləcə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Yasamal Rayon Ağsaqqallar Şurasının sədr müavini Cumar İsayev və İdarə Heyətinin üzvü, Yasamal rayonu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Vaqif Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev və başqaları iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.