Noyabr ayının 6-da Zəfər Günü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasında tədbir keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev, Şura sədrinin müavinləri – akademik Abel Məhərrəmov, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – akademik Arif Həşimov, professorlar Misir Mərdanov, Aqiyə Naxçıvanlı, İbrahim Quliyev, Şəmsəddin Hacıyev, Vaqif Şadlinski, eləcə də Akif Rəfiyev, Əsabil Qasımov, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, rayon sədrləri – Mayıl Əliyev, Vəli Səfərov, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Eldar Quliyev Şuranın bütün üzvlərini və xalqımızı qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsində şanlı Qələbəni, böyük sevinc və qürur hissini bizə yaşatdığna görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını bildirib, ölməz şəhidlərimizə və igid qazilərimizə ehtiramını ifadə edib. Sonra natiq tarix boyu Azərbaycana düşmən münasibəti bəsləyən, dəfələrlə torpaqlarımızı zəbt edən nankor qonşularımız ermənilərin ötən əsrin 80-ci illərindən başlayaraq həyata keçirdikləri növbəti işğal siyasətindən və hərbi təcavüzündən, yüzlərlə azərbaycanlının qətlindən, minlərlə soydaşımızın öz tarixi, doğma yurd-yuvalarından didərgin salınmalarından, onların əzab-əziyyətli qaçqın-köçkün həyatından ətraflı söz açıb. Vurğulayıb ki, Azərbaycanın uzun müddət həyata keçirdiyi ərazilərimizin dinc yolla qaytarılması siyasətinə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin təcavüzkarlığına cavab olaraq möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək Ermənistanı təslim olmağa məcbur edib. Bu gün artıq Qarabağda, Şərqi Zəngəzurda böyük vüsətlə quruculuq işləri həyata keçirilir və məcburi köçkünlərimiz doğma yurdlarına qayıdırlar. Eldar Quliyev, həmçinin, ermənipərəst qüvvələrdən, Azərbaycanı gözü götürməyən ölkələrdən və onların himayədarlıq etdikləri təşkilatların antiazərbaycan fəaliyyətindən bəhs edib. Bildirib ki, həmin məkrli qüvvələr bu günlərdə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işinə də qara yaxmağa, olkəmizin nüfuzuna kölgə salmağa çalışırlar. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf edəcək, öz qüdrətini və nüfuzunu gündən-günə artıracaqdır.
Sonra çıxış edən Abel Məhərrəmov, Misir Mərdanov, Vaqif Şadlinski, Arif Həşimov, Akif Rəfiyev, Aqiyə Naxçıvanlı, Vahid Quliyev və İbrahim Quliyev tariximizin ən əziz, ən qürurverici bayramı olan 8 Noyabr – Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqına öz təbriklərini çatdırıblar. Bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli Ordumuz 30 ildən çox davam edən torpaq, Vətən həsrətinə son qoyaraq xaqımıza bütöv Azərbaycan bəxş etdi. Ölkəmizin qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu, gələcək inkişafı baxımından böyük əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə əbədi olacaqdır və bütün sahələrdə özünü göstərəcəkdir. Natiqlər ağsaqqalların qaşısında duran vəzifələrdən, həyata keçiriləcək işlərdən də ətraflı bəhs ediblər.
Tədbirdə, həmçinin, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı qəbul edilib.
Sonda xatirə şəkli çəkdirilib.