Noyabr ayının 5-də Abşeron rayonu Masazır qəsəbəsində zəngilanlı məcburi köçkünlər üçün salınan şəhərcikdə Zəngilan Rayon Ağsaqqallar Şurasının “Zəfər Günü”nə həsr olunmuş hesabat-seçki konfransı keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbir iştirakçılarını salamlayaraq, onları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycanın Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin erməni işğalından azad olunduğunu qürurla xatırladıb. Bildirib ki, dövlət başçısının işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı imzaladığı sərəncama əsasən 20 oktyabr Zəngilan şəhər günü kimi yüksək səviyyədə qeyd olunur. Natiq, həmçinin, Zəngilan rayonunda aparılan geniş vüsətli quruculuq işlərindən də ətraflı söhbət açaraq, artıq zəngilanlıların mərhələ-mərhələ öz doğma yurdlarına qayıtdıqlarını bildirib. Ramiz Həsənov müharibə zamanı və sonrakı dövrdə Zəngilan əhalisinin, xüsusilə də ağsaqqalların aktiv fəaliyyətindən də bəhs edib. Onların gənclərimizin maarifləndirilməsində, vətənpərvərlik ruhunda təlim-tərbiyə almalarında əhəmiyyətli rol oynadıqlarını vurğulayıb. Zəngilanda ağsaqqalların hər zaman yüksək nüfuz sahibi olduqlarını qeyd edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edən Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov bildirib ki, 30 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma el-obalarından didərgin düşən sakinlər, o cümlədən ağsaqqallar haqqın, ədalətin qalib gələcəyinə heç zaman ümidlərini itirməyiblər, daim dövlətin, xalqın yanıda olublar. Harada məskunlaşmalarından asılı olmayaraq, aktiv şəkildə ictimai-mədəni fəaliyyətlə məşğul olublar. Zəngilan Rayon Ağsaqqallar Şurası mütəmadi olaraq gənc nəslin maarifləndirilməsinə xüsusi diqqət yetirib, tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən məktəblərdə gənclərlə görüşlər keçirib. Natiq, həmçinin, vurğulayıb ki, hər zaman Ulu Öndərin zəngin irsini təbliğ edən Zəngilan Rayon Ağsaqqallar Şurasının üzvləri bu fəaliyyətlərini “Heydər Əliyev İli”ndə daha aktiv şəkildə davam etdiriblər. Daim ölkə başçısı cənab İlham Əliyevi dəstəkləyən ağsaqqallar Azərbaycanın gələcək tərəqqisi naminə aparılan uğurlu siyasətin davam etdirilməsi üçün 7 fevral növbədənkənar prezident seçkilərində yüksək fəallıq göstəriblər. Həmçinin 1 sentyabrda Milli Məclisə keçirilən seçkilərdə də yaxından iştirak edərək ən layiqli namizədlərə səs veriblər. Xuduş İsgəndərov 44 günlük Vətən müharibəsindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 30 illik həsrətə son qoyaraq xalqımıza tarixi Zəfər bəxş etməsindən də ətraflı söz açıb.
Konfransda ağsaqqallar, ziyalılar, şəhid valideynləri və digər natiqlər çıxış edərək Rayon Ağsaqqallar Şurası üzvlərinin, müdrik ağsaqqalların bu ahıl vaxtlarında böyük əzmkarlıqla həyata keçirdikləri işlərdən, onların səmərəli fəaliyyətlərindən bəhs ediblər. Görülən işləri qənaətbəxş hesab edərək təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Daha sonra təşkilati məsələlər müzakirə olunub. Zəngilan Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi səsvermə yolu ilə qəbul edilib. Uzunmüddətli səmərəli fəaliyyəti ilə insanların etimadını doğruldan el ağsaqqalı Xuduş İsgəndərov yenidən yekdilliklə Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da formalaşdırılıb.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, onları qarşıdan gələn əlamətdar Zəfər Günü münasibətilə təbrik edib. Ağsaqqallıq institutunun tarixindən söz açan natiq hələ qədim dövrlərdən insanlara ağsaqqalların rəhbərlik etdiyini, icmaların onlar tərəfindən müdrikliklə idarə olunduğunu bildirib. Azərbaycanda ağsaqqal sözünün, məsləhətinin, öyüd-nəsihətinin hər zaman uca tutulduğunu qeyd edib. “O xalq, o cəmiyyət xoşbəxtdir ki, onun yüksək keyfiyyələrə, ali dəyərlərə malik əsl ağsaqqalı var” – deyə vurğulayıb. Sonra xalqımızın Ümummilli Lideri, müdrik ağsaqqalı Heydər Əliyevin tarixi “XXI əsr Türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikirlərini xatırladaraq, bu gün Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu fikirləri reallaşdırdığını diqqətə çatdırıb. Azərbaycanın iqtisadi, siyasi, hərbi gücündən, qüdrətindən, uğurlu diplomatiyasından, beynəlxalq aləmdəki, Türk dünyasındakı nüfuzundan söz açıb, xalqımızın qəhrəmanlıq salnaməsindən, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfərdən bəhs edib. Dövlət başçısı cənab İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradənin və yüksək nüfuzun sübutu olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) respublikamızda keçirilməsinin əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, bu gün hamımız, eləcə də ağsaqqallar bizə bu möhtəşəm tarixi yaşadan qalib Liderimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli və uğurlarımızın davamlı olmağı üçün əlimizdən gələni əsirgəməmliyik. Eləcə də biz, ağsaqqallar milli-mənəvi dəyərlərimizi gələcək nəslə aşılayaraq onları daim maarifləndirməli, yad təsirlərdən, zərərli vərdişlərdən qorumalı, gənclərimizin dövlətə, xalqa, Vətənə sədaqət ruhunda və sağlam əsaslar üzərində tərbiyəsi işində yaxından iştirak etməliyik. Çıxışının sonunda Bayram Yusifov Zəngilan Rayon Ağsaqqallar Şurasının gördüyü işləri qənaətbəxş hesab edərək, öz tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Yenidən sədr vəzifəsinə seçilmiş Xuduş İsgəndərovu və rəhbər heyəti təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov ona və ağsaqqallara göstərilən etimada görə öz təşəkkürünü bildirib və bu etimadı gələcəkdə də doğrultmaq üçün fəaliyyətlərini daha aktiv şəkildə davam etdirəcəklərini vurğulayıb.