Sentyabr ayının 28-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimovun 75 yaşı tamam olur. O, Azərbaycan elmi və ictimai düşüncəsinin yetişdirdiyi görkəmli alim, bacarıqlı elm təşkilatçısı, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda səylə çalışan ictimai xadimdir.
1949-cu il sentyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində müəllim ailəsində anadan olan Həşimov Arif Məmməd oğlu 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakultəsini bitirmişdir. 1980-ci ildə energetika üzrə fəlsəfə doktoru və 1993-cü ildə energetika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Arif Həşımov əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda başlayaraq mühəndis, elmi işçi, aparıcı elmi işçi, laboratoriya müdirinin müavini işləmişdir. Texnika elmlər doktoru, akademik Arif Həşimov “Azərenerji” ASC-nin prezidentinin müşaviri və Layihə-Axtariş Energetika İnstitutunun direktoru, AMEA Fizika İnstitutunun “Yüksək gərginliklərin fizikası və texnikası” laboratoriyasının rəhbəri olmuş, uzun illər Azərbaycan MEA-nın vitse-prezidenti və birinci vitse-prezidenti vəzifələrində çalışmışdır. Bir müddət AMEA-nın prezidenti səlahiyyətlərini icra etmişdir. Hazırda AMEA-nın akademik-katibi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktorudur.
Müasir elmin çox əhəmiyyətli istiqamətlərindən biri olan energetikanın fiziki-texniki problemləri sahəsində elmi-tədqiqat işləri aparan Arif Həşimov 350-dən yuxarı elmi məqalənin, onlarla monoqrafiya və kitabın, o cümlədən patentləşdirilmiş ixtiraların müəllifidir. Əsərlərinin bir çoxu xaricdə çap olunmuşdur. Xeyli sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edən Arif Həşimovun rəhbərliyi ilə onlaral fəlsəfə və elmlər doktoru yetişmişdir. Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimidir.
Akademik Arif Həşimovun bioqrafiyasının mühüm istiqamətlərindən birini onun Azərbaycan Ağsaqqallar Şurasındakı fəaliyyəti təşkil edir. Son illər davamlı ictimai-siyasi sabitliyin bərqərar olunmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında Respublika Ağsaqqallar Şurasının mühüm xidmətləri vardır. Zəngin həyat təcrübəsinə malik olan akademik Arif Həşimov Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində, eyni zamanda onların elm və təhsilə məhəbbət ruhunda yetişdirilməsində böyük rol oynayır. Onun təşkilatdakı səmərəli fəaliyyəti və xidmətləri “Fəxri Ağsaqqal” döş nişanı ilə dəyərləndirilmişdir.
Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov şərəfli ziyalı ömrünün 75-ci ilinə qədəm qoyur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Fizika İnstitutunda olmuş, Arif Həşimovu Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından təbrik edərək, yubilyara həmkarlarının ən xoş arzularını çatdırmış və hədiyyələr təqdim etmişdir.
Arif Həşimov Azərbaycan Ağsaqqallar Şurası tərəfindən ona göstərilən yüksək diqqətə görə öz dərin minnətdarlığını bildirərək vurğulamışdır ki, bu qayğı və etimad onu gələcəkdə Vətənimizin inkişafı naminə daha böyük işlərə ruhlandırır.