Xəbərlər

Zaqatala Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Noyabr ayının 4-də Zaqatala Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Azərbaycan Ağsaqqallar Şurasının şöbə müdiri Elşad Quliyev, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, eləcə də YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda Dövlət Himni səsləndirildikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman Vətən övladlarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda çıxış edən rayonun icra başçısı Mübariz Əhmədzadə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətdən, ölkəmizin davamlı nailiyyətlərindən bəhs edib. Ağsaqqalların respublikamızın ictimai-siyasi həyatında tutduqları əhəmiyyətli mövqedən, o cümlədən yerli ağsaqqalların Zaqatala rayonunun həyatında oynadıqları mühüm roldan geniş söhbət açıb. Milli-mənəvi dəyərlərimizin qoruyucusu və daşıyıcısı olan ağsaqqalların məsləhətlərinə hər zaman ehtiyacın olması barədə danışıb. Konfransın işinə uğurlar arzulayıb.

Sonra Zaqatala Rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədovun ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi dinlənilib. Məruzədə yerli təşkilatın öz fəaliyyətini Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsi, Əsasnaməsi və İş planı əsasında quraraq bir sıra əhəmiyyətli tədbirlər, iclaslar, eləcə də şəhid ailələri və qazilərlə görüşlər keçirdikləri, gənclərlə maarifləndirici işlər apardıqları qeyd edilib. Həmçinin bildirib ki, rayonda keçirilən bütün əhəmiyyətli toplantılarda yaxından iştirak və çıxışlar edən ağsaqqallar bundan sonra öz fəaliyyətlərini daha səmərəli və hərtərfli həyata keçirməyə çalışacaqlar.

Tədbirdə çıxış edən Milli Qəhrəman, şəhid Natiq Məmmədovun atası Bəşir Məmmədov, İbrahim İbrahimov, Mirzə Hüseynov və digər natiqlər də rayon ağsaqqallarının geniş fəaliyyətindən ətraflı bəhs ediblər, hesabatı qənaətbəxş qiymətləndiriblər. Ağsaqqalların cəmiyyətdəki mövqeyindən, gənc nəslin milli ruhda tərbiyəsində müstəsna rolundan danışıblar. Əmin olduqlarını bildiriblər ki, Zaqatala ağsaqqalları gələcəkdə də rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edəcəklər.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq, növbəti dəfə ölkəmizin bu dilbər guşəsində dəyərli ağsaqqallarla görüşməkdən məmnun olduğunu bildirib. Sonra hər kəsi qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edən natiq bu əlamətdar günün ictimai, siyasi və tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımız və dövlətimiz qarşısındakı dəyərli xidmətlərindən ətraflı söz açıb. Dövlət başçısının YAP-ın VIII Qurultayında səsləndirdiyi tarixi sözləri tədbir iştirakçılarına xatırladaraq vurğulayıb ki, bu Qələbə bizim xalqımızın Qələbəsidir. Bu Qələbəni özümüz qazanmışıq, bizim xalqımız, övladlarımız qazanıb. Natiq, həmçinin, möhtərəm Prezidentimizin Qurultayda söylədiyi digər fikirlərə də diqqət çəkib. İqtisadi müstəqilliyimizdən, vətəndaş həmrəyliyindən və ideoloji işlərin aparılmasından bəhs edib. Bildirib ki, ideoloji işin arxasında əsəs etibarilə təhsil dayanır. Azərbaycanı sevməyən xarici qüvvələr müxtəlif məkrli yollarla gənclərimizin təhsilinə zərbə vurmağa çalışırlar. Lakin onlar buna nail ola bilməyiblər və heç vaxt da nail ola bilməyəcəklər. Azərbaycan xalqı müdrik xalqdır. Sonra natiq öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının xüsusilə son illərdəki aktiv fəaliyyətindən ətraflı bəhs edərək Şuranın bu il keçirilən IX Qurultayından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ağsaqqallara daim göstərdiyi diqqət və qayğıdan, eləcə də Qurultay iştirakçılarına ünvanladığı müraciətdən söz açıb. Bildirib ki, hər zaman olduğu kimi bundan sonra da biz ağsaqqallar dövlət başçımızın ətrafında sıx birləşərək ölkəmizin davamlı inkişafı naminə geniş fəaliyyətimizi davam etdirəcəyik. Sonda Vahid Novruzov Zaqatala Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş hesab edərək, ağsaqqallara möhkəm cansağlığı və işlərində nailiyyətlər arzulayıb.

Zaqatalada keçirilən hesabat-seçki konfransında təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədov səhhətində yaranan problemlər səbəbindən fəaliyyətini davam etdirə bilmədiyi üçün bu vəzifəyə Şuranın sədr müavini, nüfuzlu ağsaqqal Tahir Məmmədovun namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Zaqatala Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və digər tədbir iştirakçıları yeni seçilən sədri və heyəti təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.