Xəbərlər

Zaqatala və Balakən rayonlarında Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

İyul ayının 2-də Zaqatala və Balakən Rayon Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Zaqatala və Balakən rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda topaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizin, həmçinin hesabat dövründə dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və tədbir iştirakçılarını salamlayan hər iki rayonun rəhbərliyi ölkəmizdə hər zaman yüksək qiymətləndirilən ağsaqqalların Zaqatala və Balakən rayonlarında da yüksək nüfuz və hörmət sahibi olmalarından, onların dəyərli xidmətlərindən bəhs ediblər. Bildiriblər ki, ağsaqqal sözünə, ağsaqqal məsləhətinə və öyüd-nəsihətinə hər birimizin, xüsusilə də gənclərimizin böyük ehtiyacı vardır. Natiqlər ağsaqqalların bundan sonra da ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edəcəklərinə əmin olduqlarını bildirərək, hesabat konfranslarının işinə uğurlar arzulayıblar.
Sonra Zaqatala Rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov və Balakən Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev görülən işlərlə bağlı hesabat məruzələri ilə çıxış ediblər. Məruzələrdə yerli təşkilatların fəaliyyətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, hesabat dövrü ərzində təşkilatlar əhəmiyyətli mövzularda bir sıra tədbirlər, yığıncaqlar, görüşlər keçiriblər, gənclərlə maarifləndirici işlər aparıblar. Həmçinin ağsaqqallar rayonlarda keçirilən bütün əhəmiyyətli toplantılarda, o cümlədən “2023-cü il – Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illiyi ilə bağlı tədbirlərdə iştirak və çıxışlar ediblər. 7 fevral prezident seçkilərinin təbliğat və təşviqat kampaniyasında yüksək fəallıq nümayiş etdirərək ən layiqli namizədi, cənab İlham Əliyevi dəstəkləyiblər. Hər iki rayonun Ağsaqqallar Şuralarının üzvləri daim xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini veriblər. Natiqlər, həmçinin, vurğulayıblar ki, ağsaqqallar bundan sonra öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Ölkəmizin inkişafında, ictimai-mədəni həyatında, gənc nəslin maarifləndirilməsində yaxından iştirak edən ağsaqqallara Ulu Öndər Heydər Əliyevin həmişə böyük diqqət göstərdiyini, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığını xatırladıb. Vurğulayıb ki, bu qayğı hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir. Vahid Novruzov, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların əhəmiyyətli rolundan da söz açıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Zəfər dövlətçilik tariximizin şanlı səhifələrindən biri olub. O, hazırda Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də ətraflı bəhs edərək, işğaldan azad edilmiş torpaqlarımızda böyük canlanmanın yaşandığını vurğulayıb.

Ölkəmizin tarixi məqamlarında hər zaman öndə olan ağsaqqalların bu ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayan natiq qeyd edib ki, təbliğat-təşviqat, o cümlədən səsvermə prosesində fəal iştirak edən xalqımız, o cümlədən ağsaqqallarımız bir daha sübut etdilər ki, Azərbaycanın alternativsiz Prezidenti qalib xalqın qalib Lideri cənab İlham Əliyevdir. Vahid müəllim qarşıdan gələn parlament seçkilərində də ağsaqqalların yüksək fəallıq nümayiş etdirəcəklərinə əmin olduğunu bildirib. Natiq Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi barədə də danişıb. Qeyd edib ki, COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan böyük etimadın sübutudur. Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının 2024-cü il üzrə İş Planında nəzərdə tutulan və təşkilat tərəfindən həyata keçirilən işlər barədə də ətraflı məlumat verən Vahid Novruzov Zaqatala və Balakən Rayon Ağsaqqallar Şuralarının hesabatlarını qənaətbəxş hesab edərək onlara gələcək fəaliyyətlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Konfranslarda çıxış edən digər natiqlər də rayon ağsaqqallarının fəaliyyətindən ətraflı bəhs ediblər. Onların fəaliyyətini qənaətbəxş hesab edərək, əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar ölkəmizin inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Sonda xatirə şəkilləri çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.