Xəbərlər

15 İyun-Milli Qurtuluş Günü

Qədim tarixə malik olan, uzun illər müstəqillik həsrəti ilə yaşayan xalqımız 1991-ci ildə müstəqillik əldə etdi. Ancaq ölkəni tez bir zamanda xaos bürüdü, hakimiyyət qarşıdurması, səriştəsizlik ölkədə dərin böhran yaratdı. Xarici və daxili qüvvələrin təsiri nəticəsində ölkədə yaranmış kritik vəziyyətin dairəsi günbəgün genişləndi. Müstəqilliyimizi nəinki özümüzün bəzi üzdəniraq qüvvələri, həmçinin bir sıra xarici qüvvələr də istəmirdi. Mənfur qonşumuz torpaq iddiası ilə geniş miqyasda hərəkətə keçmişdi. Öz havadarlarına arxalanan erməni separatçıları açıq şəkildə müharibəyə başlamış, bəzi ərazilərimizi işğal etmişdilər. Həmin dövrdə respublikamıza rəhbərlik edən AXC-Müsavat çütlüyü öz səriştəsizliyi ucbatından yaranmış vəziyyətdən heç bir çıxış tapa bilmirdi, əksinə hakimiyyət çəkişmələrində birbaşa iştirak edirdi. Ölkədə hakimiyyətsizlik, anarxiya hökm sürürdü. Ölkə idarəolunmaz vəziyyətə gəlmişdi. Ayrı-ayrı dəstələr heç kimə tabe olmur, başıpozuq hərəkətləri ilə yaranmış vəziyyəti daha da gərginləşdirirdilər. Əhalinin maddi durumu da gündən-günə pisləşirdi. Ölkə parçalanmaq, müstəqilliyimiz məhv olmaq təhlükəsinin bir addımlığında dayanmışdı. 1993-cü il iyul ayının əvvəllərində Gəncədə baş qaldırmış qiyam isə vəziyyəti həddən artıq gərginləşdirdi. Yaranmış siyasi böhranın həlli üçün müdrik bir insana, dahi rəhbərə böyük ehtiyac duyulurdu. Belə bir vəziyyətdə bütün diqqətlər Naxçıvana yönəldi. Xalqın təkidi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə çağırıldı. Dahi rəhbər xalqımızın belə bir ağır vəziyyətində çağırışlara dərhal cavab verərək Bakıya qayıtdı. Böyük qayıdış ölkəmiz üçün bir nicat idi.
15 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilən Heydər Əliyev böyük xilaskarlıq fəaliyyətinə başladı. Qısa zaman kəsiyində ölkəmiz düşdüyü bəlalardan xilas oldu. Anarxiya və xaosa son qoyuldu, yeni müstəqil dövlətçiliyin qurulması istiqamətində tədbirlər həyata keçirildi. Ulu Ondərin dahiyanə və müdrik rəhbərliyi sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı. 15 iyun tarixindən ölkəmizin yeni dövrü başladı, müstəqil Azərbaycan quruldu.
Əsası 15 iyunda qoyulan müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi. Dahi Heydər Əliyev siyasi kursuna bütün sahələrdə ardıcıl və dönmədən sadiqliyini nümayiş etdirən cənab Prezidentimiz qətiyyətli addımları və müdrik siyasəti sayəsində bu gün dünya siyasi arenasında öz mövqeyi və nüfuzu olan qüdrətli Azərbaycanın bərqərar olmasına nail oldu.
Ali Baş Komandanımızın iradəsi və müzəffər Ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalan əzəli torpaqlarımız düşmən tapdağından azad edildi. Tarixi Qələbə – şanlı Zəfərimiz dünyaya ölkəmizin gücünü nümayiş etdirdi. Eyni zamanda bu qələbə ilə möhtərəm Prezidentimiz Ata vəsiyyətini yerinə yetirərək xalqımıza böyük sevinc bəxş etdi.
Artıq 2-ci ildir ki, xalqımız məğrur və qalib xalq kimi şanlı Zəfərin təntənəsi ilə yaşayır. Hazırda işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir və əminik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə həmin ərazilərimiz də ölkəmizin digər regionları kimi əsl cənnətə çevriləcəkdir. Artıq müharibə və işğal nəticəsində öz evlərini tərk etmiş insanların doğma ata-baba yurdlarına qayıdışına – “Böyük qayıdış”a start verilib.
Cənab Prezidentimizin Azərbaycan naminə apardığı çoxşaxəli siyasət, xalqımızın xoşbəxtliyi naminə verdiyi qərarlar bütün xalqımız kimi Nizami rayonunun ağsaqqallarında da böyük fəxarət hissi yaradır və biz bu yolda dövlət başçısı cənab İlham Əliyevə uğurlar diləyirik.
Tanrı Azərbaycanımızı və Prezidentimizi qorusun!

Mayıl Əliyev
Nizami Rayon Ağsaqqallar Şurasının sədri

Leave a Reply

Your email address will not be published.