Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Sabirabadda Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da iştirak edib.
Konfransı açan rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ölkəmizin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqal və ziyalıların rolunun əhəmiyyətindən danışıb, bilik və təcrübələrini gənclərə öyrədən ahıl insanların canlı tariximiz olduğunu qeyd edib, konfransın işində, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov tədbirdə çıxış edərək dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolunu vurğulayıb, onların gənclərimiz üçün örnək olduğunu, hərbi-vətənpərvərlik ruhunda böyümələrinə böyük töhfə verdiklərini bildirib. Akademik Əhliman Əmiraslanov, həmçinin Prezident İlham Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığını, daim onlara qayğı göstərdiyini, eləcə də dövlət başçısının ulu öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulayıb.
Çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildiriblər. Tədbirdə iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Həmçinin tədbirdə Sabirabad Rayon Ağsaqqallar Şurasınin rəhbərliyi yeni tərkiblə təsdiq olunub, Eyvaz Fərzəliyev Şuranın yeni sədri seçilib.