Süleymanov Tahir Süleyman oğlu 1948-ci il sentyabr ayının 24-də Dəvəçi (indiki Şabran) rayonunun Sumaqova-Qazma kəndində müəllim ailəsində anadan olmuşdur. 1955-ci ildə Dəvəçi rayonunun Pirəbədil kənd orta məktəbinin birinci sinifinə gedən Tahir Süleymanov 1966-ci ildə həmin məktəbin məzunu olmuşdur. Gənc Tahir 1966-cı ildə Bakı Sovet Ticarəti Texnikimuna daxil olmuş, 1968-ci ildə isə bu texnikumu “Sənaye malları əmtəəşünaslığı” ixtisası üzrə bitirmişdir.
1968-ci il iyul ayının 1-də əmək fəaliyyətinə başlayan Tahir Süleymanov Dəvəçi rayonunun bir sıra idarə və müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. Təhsilini davam etdirmək məqsədilə 1975-ci ildə Moskvada Ümumittifaq Yeyinti-Sənaye İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin təhsil müəssisəsini bitirərək iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir.
O, 1981-ci ildə Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin Dəvəçi rayonu “Pirəbədil” xalça fabrikinin direktoru, 1984-1994-cü illərdə isə Dəvəçi-Siyəzən çörək zavodunun direktoru vəzifələrində çalışmışdır. 27 iyun 1994-cü il tarixli əmrlə Azərbaycan Taxıl Məhsulları Dövlət Şirkətinin Dəvəçi Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsinə təyin edilmişdir.
5 noyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputat seçilən Tahir Süleymanovun 2005-ci ildə yenidən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və o, III çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən yenidən namizədliyi irəli sürülən Tahir Süleymanov 54 saylı Dəvəçi-Siyəzən Seçki dairəsindən IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
Tahir Süleymanov, həmçinin, həyata keçirdiyi xeyriyyə işlərinə görə H.Z. Tağıyev adına mükafata və diploma, 2 dəfə “Qızıl Buta” mükafatına, habelə SSRİ dövründə bir sıra fəxri fərmanlara və yubiley medallarına layiq görülmüşdür.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 24 sentyabr 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
2014-cü ildə Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupundakı fəaliyyətinə görə Rusiya Federasiyasının “Dostluq” medalına layiq görülmüşdür. Tahir Süleymanov, həmçinin, Türkiyə-Azərbaycan Dostluq qrupundakı fəaliyyətilə əlaqədar bir sıra medal və mükafatlar almışdır.
2018-ci il 24 sentyabrda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyəti ilə əlaqədar 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Süleymanov Tahir Süleyman oğlu
- 01-07-2021
- [16:58]
- [ ]
01
Июл