Sədr muavinləri

Süleymanov Tahir Süleyman oğlu

Novruzov Vahid Tapdıq oğlu 1950-ci il yanvarın 7-də Ermənistan SSR-in Allahverdi rayonunda anadan olmuşdur. 1964-cü ildə 8 illik məktəbi bitirdikdən sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Vahid Novruzov 1966-cı ildə Bakı şəhərindəki 31 №-li orta məktəbi bitirərək, həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur.

1971-ci ildə universiteti bitirdikdən sonra Abşeron rayonu Xırdalan qəsəbəsinin Xalq Təhsil şöbəsinin filmotekasının müdiri vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ilin iyul ayında Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda işə qəbul olunan Vahid Novruzov 1975-ci ilin 1 yanvar tarixinədək bu institutda baş laborant, iqtisadçı və kiçik elmi işçi kimi çalışmışdır.

Vahid Novruzov 1975-1978-ci illərdə istehsalatdan ayrılmaqla aspirantura pilləsi üzrə təhsil almışdır və 1978-ci ilin mart ayında Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda “Xidmət sferasının maddi-texniki təchizatının planlaşdırılmasının normativ bazasının təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Aspirantura pilləsi üzrə təhsilini bitirdikdən sonra 1979-cu ilin oktyabr ayınadək Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda sektor müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır. 1979-cu ilin oktyabr ayından 1981-ci ilin oktyabr ayınadək Azərbaycan SSR Əhaliyə Məişət Xidməti Nazirliyi yanında Layihə-Konstruktor Texnologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsini daşımışdır. 1981-ci ilin oktyabr ayından fəaliyyətini Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda davam etdirmişdir.

Vahid Novruzov 1990-cı ildə Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda “Müttəfiq respublikalarda sosial-məişət infrastrukturunun inkişaf problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

180-dən çox elmi işin və 5 monoqrafiyanın müəllifidir. Vahid Novruzov 2000-ci ildə professor alimlik dərəcəsinə layiq görülmüşdür.

1992-ci ilin yanvar ayında Azərbaycan Respublikası Ali Sovetində sektor müdiri vəsifəsinə təyin olunan Vahid Novruzov həmin il şöbə müdirinin birinci müavini vəzifəsinə keçirilmişdir. 1994-cü ildən Azərbaycan Respublikası Milli Məclisinin Mülki hüquq və iqtisadi qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Vahid Novruzov Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 4 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsinə təyin edilmişdir və hal-hazıradək həmin vəzifədə çalışır.

O, 5 ildən artıq müddətdə Ali Attestasiya Komissiyasının İqtisadiyyat və Hüquq Elmləri üzrə Ekspertlər Şurasının sədri olaraq fəaliyyət göstərmişdir. 1994-cü ildən Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.

Vahid Novruzov 2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin həqiqi üzvü, 2019-cu ildə isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin üzvü seçilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 6 yanvar tarixli sərəncamı ilə Vahid Novruzov auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Ailəlidir, 2 övladı var.