Bakı, 22 aprel, AZƏRTAC
Ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla Xızı Rayon Ağsaqqallar Şurasının məhdud tərkibdə iclası keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, rayon icra hakimiyyəti başçısının müavini Arzu Əzizov, həmçinin rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Ağsaqqallar Şurasından AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları, əvvəlcə, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
İclasda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, habelə ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək, Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Xızıda da ağsaqqallara böyük dəyər verilməsindən, onların da öz növbələrində rayonun ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamalarından bəhs edib. Qeyd olunub ki, gənclərimizin dövlətə, dövlətçiliyə və xalqa sədaqət, o cümlədən milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda, sağlam təməl üzərində yetişdirilməsi işində ağsaqqallara həmişə böyük ehtiyac duyulub.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov çıxış edərək bildirib ki, tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı parlaq Qələbə ağsaqqallarda da böyük ruh yüksəkliyi, tükənməz fəaliyyət əzmi yaradıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin gənc nəslin tərbiyəsi istiqamətində siyasi, iqtisadi, hərbi və mənəvi sahələrdə apardığı məqsədyönlü siyasətin və bu siyasəti hər zaman dəstəkləyən xalqımızın, o cümlədən ağsaqqalların səyi nəticəsində yetişən gənclərimiz öz canlarını qurban verərək torpaqlarımızı azad etdilər. Vətənpərvər gənclərimizin bu qəhrəmanlıq salnaməsi bütün dünya xalqlarının gəncləri üçün bir örnəyə çevrildi. Artıq azad olunmuş həmin torpaqlarımızda aparılan quruculuq işlərindən bəhs edən Tahir Süleymanov əminliyini bildirib ki, tezliklə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fədakar əməyi və tükənməz səyləri nəticəsində Azərbaycanın bu dilbər guşəsi yenidən öz gözəlliyinə qovuşacaqdır. Respublika Ağsaqqallar Şurası da böyük ruh yüksəkliyi ilə həmin bölgələrdə fəaliyyətini bərpa edəcək. Tahir Süleymanov onu da vurğulayıb ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində ciddi fəallıq müşahidə olunur. Şurada təşkilati və digər vacib məsələlər həllini tapmaqdadır. Əminik ki, bu fəallıq bütün şəhər və rayonlarımızda, o cümlədən Xızıda da özünü göstərəcək.
Sonra təşkilati məsələlər müzakirə olunub. Xızı Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Həmçinin Rayon Ağsaqqallar Şurasının sədri, o cümlədən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər. Xızı Rayon Ağsaqqallar Şurasının sədri seçilmış Arif Qazi oğlu Nağıyev və yeni üzvlər onlara göstərilmiş yüksək etimada görə tədbir iştirakçılarına minnətdarlıqlarını bildirib, bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.